Prezident İlham Əliyev Cəlilabad rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi istiqamətində işlərin həyata keçirilməsi üçün 840 min manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Dövlət başçısının saytında verilən məlumata görə, sərəncam bu gün imzalanıb.
Sərəncama əsasən, Cəlilabad rayonunun əhalisi 63,41 min nəfər olan 6 yaşayış məntəqəsində (Babaxanlı, Cəfərxanlı, Cəlilabad, Privolnoye, Şiləvəngə və Uzuntəpə kəndləri) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 12 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə 840 min manat ayrılacaq.*
X.Nəsirzadə