2020-ci ilin yanvar-fevral aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 5 milyard 858,7 milyon manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 2 milyard 994,7 milyon manat (2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə artım 2,6%), qeyri-ərzaq mallarının alınmasına 2 milyard 864 milyon manat (artım 3,6%) sərf olunub.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,1%-i ərzaq məhsullarının, 6%-i içki və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6%-i elektrik malları və mebellərin, 5,3%-i avtomobil yanacağının, 1,6%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Cari ilin yanvar-fevral aylarında ticarət şəbəkəsində bir ölkə sakini 150,4 manatlıq ərzaq məhsulları, içki və tütün məmulatları, 143,9 manatlıq qeyri-ərzaq məhsulları alıb.*
B.Rüstəmbəyov