Azərbaycanda 15 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
“Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 76 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 6 nəfərinin vəziyyəti orta ağır qiymətləndirilir, digərləri isə özlərini normal hiss edirlər, səhhətləri stabildir. Pasiyentlərin müalicəsi ilə bağlı zəruru tədbirlər davam etdirilir”, – deyə məlumatda bildirilir.
Beləliklə, Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı 87 nəfər olub.
Məlumata görə, koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır.
Ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif xəstəxanalarda yaradılmış karantin zonalarında 2126 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər görülür.
Xatırladaq ki, koronavirusa yoluxmuş 10 nəfər sağalaraq evə buraxılıb, 1 nəfər isə dünyasını dəyişib.*
B.Rüstəmbəyov