Bu günədək Koronavirusla Mübarizəyə Dəstək Fondunda 60 milyon manat vəsait yığılıb. Bunu prezident İlham Əliyev deyib.
“Şadam ki, qısa müddət ərzində bu fonda verilən ianələr artıq böyük rəqəmlərə gəlib çatıbdır. Fond yarandıqda Prezidentin ehtiyat fondundan 20 milyon manat ayrılıb. Fond bir neçə gündür ki, artıq o ianələri qəbul etməyə başlamışdır. Ancaq dünən axşam mənə verilən məlumata görə, fondda artıq 60 milyon manat vəsait yığılıbdır”, - deyə İ.Əliyev AzTv-yə bildirib.
Qeyd edək ki, prezident İ.Əliyev martın 19-da Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını nəzərdə tutan fərman imzalayıb.
Fondun vəsaitinin formalaşdırılması üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən 20 milyon manat ayrılır.
Fondun yaradılmasında məqsəd koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.
Şərtlərə görə, fondun fəaliyyət müddəti 2020-ci il dekabrın 31-dək olan dövrü əhatə edir. Bu müddət Azərbaycan Respublikası Prezidenti tərəfindən uzadıla bilər.
Bundan başqa, dövlət başçısı martın 21-də bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.*
B.Rüstəmbəyov