Azərbaycan İranla dövlət sərhədinin bağlanması müddətini aprelin 20-dək uzadıb.
“Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədinin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır”, - deyə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
İranla sərhəddə məhdudlaşdırıcı rejim fevralın 29-dan tətbiq olunub. Martın 12-də isə Azərbaycan hökuməti məhdudlaşdırıcı rejimin qüvvədə olma müddətini daha iki həftə uzadıb.
Operativ Qərargahın 24 mart tarixinə olan məlumatına görə, Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı 87 nəfər təşkil edir. Koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanıb.
Xatırladaq ki, koronavirusa yoluxmuş 10 nəfər sağalaraq evə buraxılıb, 1 qadın isə dünyasını dəyişib.*
N.Abbasova