Koronavirusun yayılması təhlükəsi ilə əlaqədar gələn həftə ərzində 200-400 nəfər Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrdən geri qaytarılmasının təmin edilməsi planlaşdırılır. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
“Bu günə qədər xüsusi çarter reysləri vasitəsilə 10 min nəfərə yaxın Azərbaycan Respublikası vətəndaşının müxtəlif ölkələrdən Azərbaycana gətirilməsi təmin edilib. Ölkə daxilində olan karantin məntəqələrinin qəbul etmək imkanlarını nəzərə alaraq, gələn həftə ərzində 200-400 nəfər Azərbaycan Respublikası vətəndaşının 14-21 və ya 21-28 günlük karantin rejimində yerləşdirməklə müxtəlif ölkələrdən geri qaytarılmasının təmin edilməsi planlaşdırılır”, - deyə məlumatda bildirilir.
Türkiyə ilə quru sərhəd yolu ilə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikası ərazisinə daxil olmaq istəyən Azərbaycan vətəndaşlarının müvəqqəti olaraqTürkiyə ərazisində sərhədyanı ərazilərdə yerləşdirilməsi, sonra qruplar şəklində Naxçıvan Muxtar Respublikası ərazisində yaradılan səhra karantin məntəqələrində 14-28 gün müddətinə karantinə alınmaları nəzərdə tutulub.*
N.Abbasova