Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2020-ci il martın 1-dən iyunun 1-dək olan müddət üçün ödəniləcək.
Nazirlər Kabinetinin 25 mart tarixli qərarı ilə COVID-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği təsdiq edilib.
Qərara əsasən, müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib: tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində; təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə maaşının 4 misli məbləğində; pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə maaşının 5 misli məbləğində.
Qeyd edək ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 93 nəfərə çatıb. Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 3 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Koronavirusa yoluxmuş 10 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 2 nəfər isə dünyasını dəyişib.*
N.Abbasova