Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Racer nəşrinə müsahibəsində Azərbaycan Qran-Prisinin təxirə salınmasının səbəblərini açıqlayıb.
“Avstraliya Qran-Prisinin təşkilatçılarının timsalında gördük ki, onlar nə dərəcədə çətin duruma düşüb. Heç bir Qran-Pri promouteri bu vəziyyətdə olmaq istəməzdi. Həqiqətən də Endryu Uestakott (Avstraliya Qran-Prisinin promouteri – İF) və onun komandası üçün təəssüflənirəm. Onların yaşadıqları dəhşətdir. Qran-Prinin son anda ləğvi promouter üçün faciədir”, - deyə o bildirib.
A.Rəhimovun sözlərinə görə, mərhələnin keçirilməsi ciddi səylər tələb edir. “Aydındır ki, bir çox yarışın təxirə salındığı vəziyyətdə Avstraliyada baş verənlər durumu yüngülləşdirmir. Amma siz vəziyyəti opponentlərə izah etməyə çalışanda mövqeyinizi daha məntiqli edir. Biz trasdakı işlərə başlamamış bu qərarı verdik. Bu, əsas orientirlərdən biri idi. Əmin olmaq istəyirdik ki, lazımsız xərclər çəkməyəcəyik. Bütün pulları trasın inşasına xərcləyib, sonra isə yarışı keçirə bilməsəydik, tam faciə olardı”, - deyə icraçı direktor qeyd edib.
O əlavə edib ki, Azərbaycan Qran-Prisinin təşkilatçıları üçün trasdakı işlərin başlamasının son tarixi martın ortaları idi. “Biz bunu bir həftə təxirə saldıq ki, yarışın keçirilməsi barədə qərar qəbul edək. Trasın inşasına başlamalı olduğumuz son gündə bu qərarı verdik”, - deyə A.Rəhimov vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi 5-7 iyun tarixlərində keçirilməli olsa da, koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb.*
N.Abbasova