Azərbaycan yaxın vaxtlarda xaricdən 1,5 milyon ədəd tibbi maska alacaq, lakin bu məhsulun ölkədə istehsalının təşkilinə hazırlıq görülür. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
“Ölkədə spirt və maskalarla bağlı yaranmış qıtlıq bu məhsullara həm dünyada, həm də daxildə tələbatın qısa müddətdə artması ilə əlaqəlidir. Ölkə üzrə hər gün 150-200 min maska paylanır və satışa çıxarılır. Dünən ölkəyə 500 min maska idxal olunub. 1,5 milyon ədəd maska da daxil olacaq”, - deyə məlumatda bildirilir.
Əvvəlki illərdə Azərbaycanda ay ərzində 500-600 min maska satılırdısa, indi bu qədər maska 3 günə satılır. 2018-19-cu illərdə ildə 5-6 milyon maska satılırdısa, təkcə son bir ayda bu rəqəm 3,5 milyon olub.
“Ölkədə olan maska ehtiyatlarından səmərəli istifadə etmək üçün ilk növbədə həkim və xəstələr, polis, müdafiə nazirliyi, sərhəd xidməti və gömrük əməkdaşları təmin olunur və apteklərə satış üçün göndərilir. Hökumət maskaların ölkədə istehsalını təşkil etməklə əlverişli şəraiti təmin etməyə çalışır. Nazirlər Kabinetinin bugünkü qərarına əsasən maskaların istehsalında istifadə olunan xammal gömrük rüsumlarından azad olunub”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, hökumət ölkədə spirtə olan tələbatın ödənilməsi ilə bağlı məsələni yaxın vaxtlarda həll etməyi planlaşdırır.
“Ölkədə spirt ehtiyatı ilə bağlı heç bir problem yoxdur. Spirtin kiçik həcmli qablarda satışa çıxarılması üzərində müvafiq işlər aparılır. Məsələ yaxın günlərdə həll olunacaq və yerli istehsal məhsulu olan spirt kifayət edəcək miqdarda pərakəndə satışa çıxarılacaq”, - deyə məlumatda bildirilir.*
N.Abbasova