Azərbaycandadaha 29 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, onlardan bir nəfər dünyasını dəyişib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
“Martın 12-də Türkiyədən qayıdan 1961-ci il təvəllüdlü Azərbaycan vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı ilə xüsusi rejimli xəstəxanaya daxil olub. Müayinə zamanı onda xroniki bronxit olduğu müəyyən edilib Pasiyentdən koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxıb”, - Qərargahdan bildirilir.
“Xəstənin vəziyyətinin stabilləşdirilməsi ilə bağlı həyata keçirilən reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür. Eyni zamanda, koronavirusa yoluxan 5 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - məlumatda deyilir.
Beləliklə, Azərbaycanda koronavirusa yoluxanların sayı 122 nəfərə çatıb.
Qərargahın məlumatına görə, xüsusi rejimli xəstəxanalarda 104 nəfər müalicə alır. Onlardan 5 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.
Daha 15 nəfər sağalaraq evə buraxılıb, üç nəfər dünyasını dəyişib.
Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 mindən çox test aparılıb. **
B.Rüstəmbəyov