30.03.2020 14:52

Türkiyə XİN: Qarabağda “seçkilər” münaqişənin sülh yolu ilə həllində növbəti maneə olacaq

Qondarma “Dağlıq Qarabağ Respublikasında” martın 31-nə təyin olunmuş "prezident və parlament seçkiləri" Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində növbəti maneədir. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

“Türkiyə Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda keçiriləcək seçkiləri tanımır. Çünki bu, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün növbəti dəfə pozulmasıdır”, - deyə bəyanatda bildirilir.

Türkiyə XİN vurğulayır ki, bu addım BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in prinsipləri daxil olmaqla, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.

XİN ATƏT-in Minsk qrupu daxil olmaqla, beynəlxalq ictimaiyyəti bu "seçkiləri" tanımamağa çağırır.

“Türkiyə ATƏT-in Minsk qrupunun üzvü kimi münaqişənin ədalətli həllinə nail olunması istiqamətində səyləri dəstəkləməyə davam edəcək”, - deyə bəyanatda qeyd olunur.*

X.Nəsirzadə


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.