Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi “seçkiləri” tanımır.
“2020-ci il martın 31-də Dağlıq Qarabağda qondarma “prezident və parlament seçkiləri” ilə əlaqədar olaraq Avropa İttifaqı bir daha bəyan edir ki, bu seçkinin baş tutduğu hüquqi bazanı və konstitusiyanı tanımır”, - çərşənbə günü Brüsseldə yayılan rəsmi məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, bu hadisə Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə və ya davam edən danışıqlar prosesinin nəticəsinə xələl gətirə bilməz.
“Aİ xatırladır ki, ATƏT-in Minsk Qrupunu və xüsusən həmsədrlərin “status-kvo”nun xaricində irəliləyiş, hərtərəfli və davamlı sülh yolunda əsaslı danışıqlar aparmaq səylərini qətiyyətlə dəstəkləyir”, - bəyanatda vurğulanır.
Brüsseldə təsdiq edirlər ki, Aİ “Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinə yönəlmiş səylərini bundan sonra da dəstəkləməyə hazırdır”. **
A.Əzizov