Bakı Metropoliteni koronavirus (COVID-19) infeksiyasının yayılması təhlükəsi ilə əlaqədar 2020-ci il aprelin 20-dək fəaliyyətini dayandıracaq. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilir.
“İctimai nəqliyyatda müvafiq dezinfeksiya və digər qabaqlayıcı tədbirlər görülsə də, təbii havalandırma şəraiti olmadığından qapalı məkan kimi metro hazırda virusun yayılmasına əlverişli şərait yaradır. Əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı Metropolitenində qatarların hərəkəti 31 mart 2020-ci il saat 22:00-dan 20 aprel 2020-ci il tarixinədək dayandırılır”, - Qərargahın məlumatında deyilir.
Məlumata əsasən, bu qərar Bakı metropolitenində sərnişinlər arasında sıxlıq və karantin rejimi tələblərinə əməl edilmədiyi müşahidə olunması səbəbindən qəbul edilib.
“Bakı şəhərində sərnişindaşımaları müntəzəm və ekspres xətt avtobusları ilə həyata keçiriləcək. Mümkün sərnişin sıxlığının qarşısını almaq məqsədi ilə eskpres xətlər üzrə ehtiyyat avtobusları buraxılıb”, - Qərargah qeyd edir.
Operativ Qərargah həmçinin vətəndaşları ciddi zərurət olmadığı halda evdən çıxmamağa, ictimai nəqliyyatda insanlar arasında ara məsafəsini gözləməyə, xüsusi karantin rejimi qaydalarına əməl etməyə çağırır.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 25 stansiyadan ibarətdir. Sərnişin daşımalarının illik həcmi 200 mln. nəfəri ötür.**
N.Abbasova