05.04.2020 14:07

Qoşulmama Hərəkatı Dağlıq Qarabağda keçirilmiş “seçkilər”i tanımır

Qoşulmama Hərəkatına üzv ölkələr qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilmiş “seçkilər”i tanımır.

“BMT-dən sonra ikinci ən böyük siyasi platforma olan və 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı ərazilərin güc yolu ilə əldə edilməsinin yolverilməz olduğunu vurğulayaraq, Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin heç bir ölkə tərəfindən qanuni tanınmayacağını bəyan edib”, - deyə Hərəkatın Əlaqələndirmə Bürosunun bəyanatında bildirilir. Bəyanatı Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.

“Bununla əlaqədar olaraq, Qoşulmama Hərəkatının üzv ölkələri martın 31-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma “seçkilər”i tanımadıqlarını və qanunsuz hesab etdiklərini bildiriblər”, - deyə bəyanatda qeyd olunur.

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə, Ermənistan və Azərbaycan arasında münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinə dəstəyini bir daha ifadə edib.*

N.Abbasova


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.