Azərbaycanda COVID-19 pandemiyası ilə əlaqədar bankomatlar qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyalar və digər sosial ödənişlərin ödəniş qrafikləri xüsusi karantin rejimi müddətinə dəyişdirilib.Bu barədə Mərkəzi Bankın mətbuat xidməti məlumat verir.
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası(ABA) əhalinin nəzərinə çatdırır ki, COVID-19 pandemiyası ilə əlaqədar bankomatlar qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyalarının, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərinin, eləcə də ünvanlı dövlət sosial yardımlarının (ÜDSY) ödəniş qrafikləri xüsusi karantin rejimi müddətinə dəyişdirilib. Belə ki, pensiya ödənişlərinə münasibətdə Sumqayıt şəhəri və Abşeron rayonu, Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi və Qaradağ rayonları üzrə ödənişlərin ayın 8-də, Bakının Nizami, Nərimanov və Xətai rayonları üzrə ayın 9-da, Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə ayın 10-da təmin ediləcək”, - məlumatda qeyd olunur.
Həmçinin, respublikanın digər rayonları, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə isə ayın 15-də ödənilməsi müəyyən edilib.
Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri ayın 20-si və 21-i tarixlərində, ÜDSY ödənişi isə ayın 28-i tarixində təmin ediləcək.
Bundan başqa, məlumatda bildirilir ki, yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub. Bu səbəbdən həmin yaş qruplarında olan şəxslərə bank kartlarına köçürülmüş vəsaitlərini ailə üzvlərinin və ya 142 - Çağrı mərkəzinə müraciət etməklə sosial xidmətçilərin yardımı ilə, tənha ahıllara isə bank kartına köçürülmüş sosial ödənişini sosial xidmətçinin yardımı ilə əldə etməsi tövsiyə olunur. **
X.Nəsirzadə