2019-cu ilin yekunları üzrə “İpək Yolu Sığorta” şirkətinin xalis mənfəəti 876 min 786,12 manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Xəbər verildiyi kimi, 2018-ci ildə sığorta şirkətinin mənfəəti 1 milyon 693 min 955,8 manat təşkil edib. Beləliklə, 2019-cu ildə şirkətin mənfəəti 48,2% azalıb.
Şirkətin auditor rəyi ilə təsdiqlənmiş maliyyə hesabatına əsasən, ötən il onun gəlirləri 39 milyon 191 min 152,7 manat, o cümlədən sığorta haqları 18 milyon 483,224 min manat (artım 8,9%), investisiya gəlirləri 530,13 min manat təşkil edib. Hesabat ilində qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
2019-cu ildə şirkətin xərcləri 38 milyon 95 min 170,05 manat, o cümlədən sığorta ödənişlərinin həcmi 19 milyon 939,258 min manat (artım 11,6 dəfə), qaytarılan sığorta haqları 950,623 min manat, sığorta işinin aparılması xərcləri 1 milyon 881,987 min manat təşkil edib. Qalan xərclər digər maddələrin payına düşüb.
2019-cu ildə şirkətin aktivləri 2,4 dəfə - 70 milyon 528,74 min manatadək, kapitalı 2,3% - 22 milyon 766,942 min manatadək, öhdəlikləri 6,2 dəfə – 47 milyon 761,798 min manatadək artıb.
2019-cu ildə şirkətin banklarda yerləşdirdiyi depozitlərin həcmi 5,3% - 9,9 milyon manatadək artıb.
"İpək Yolu Sığorta" şirkəti 1996-cı ildən Azərbaycanın sığorta bazarında fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 14 milyon 77 min manata bərabərdir.*
Ə.Məmmədov