Azərbaycanda əhalinin koronavirusdan sosial müdafiəsi tədbirləri çərçivəsində 394 milyon manat ($231,8 milyon) ayrılacaq. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib.
"Bu vəsait 4 istiqamətdə 10 tədbir üzrə ayrılacaq və 1,9 milyon nəfəri əhatə edəcək. Bu məqsədlə dövlət büdcəsindən 100 milyon manat, Dövlət Sosial Müdafiə Fondundan 203 milyon manat, İşsizlikdən Sığorta Fondundan isə 91 milyon manat ayrılacaq", - deyə S.Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, bu tədbirlərin əsas komponentlərindən biri aprel-may aylarında işsizlərə 190 manat məbləğində birdəfəlik ödənişin verilməsi olacaq. Bununla əlaqədar 70 milyon manat ayrılacaq, birdəfəlik ödənişlər 200 min nəfərə veriləcək.
O əlavə edib ki, son 10 gün ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemində 30 min əmək müqaviləsi qeydə alınıb.
"Bu onu göstərir ki, işəgötürənlər dövlət tərəfindən sahibkarlara dəstək göstəriləcəyini öyrəndikdən sonra öz işçiləri ilə əmək müqavilələri bağlamaq və bununla da dövlətdən yardım almaq qərarına gəliblər", - deyə S.Babayev əlavə edib.
Xəbər verildiyi kimi, hökumətin planlarına əsasən, koronavirus pandemiyasının mənfi təsirinə ən çox məruz qalmış biznes sahələrində işçilərin əməkhaqqının bir hissəsinin ödənilməsi üçün dövlət büdcəsindən vəsait ayrılacaq. Bundan başqa, ödənişli əsaslarla 50 min ictimai iş yerinin yaradılması və digər məqsədlər üçün də vəsait ayrılacaq.
Son məlumatlara görə, Azərbaycanda 717 nəfər koronavirusa yoluxub. Hazırda 665 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 44 nəfər müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib.*
X.Nəsirzadə