Karantin rejimi dövründə bankomatlardan sosial ödənişlərin əldə edilməsi zamanı əlavə faiz tutulmayacaq. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının birgə qərarı çərçivəsində karantin rejimi dövründə bankomatlardan sosial ödənişlərin əldə edilməsi zamanı əlavə faiz tutulmayacaq", - deyə S.Babayev bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhaliyə sosial ödənişlərin verilməsi üçün kifayət qədər vəsaitə malikdir.
"Ötən il saxta pensiya və əlilliyə görə müavinət alan şəxslərin aşkar edilməsi nəticəsində 200 milyon manat məbləğində ehtiyat yaradılıb. Bu ehtiyat cari ildə sosial ödənişlərin dayanıqlılığının təmin edilməsinə yönəldiləcək. Mart ayında Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına 2,3 milyondan çox vətəndaşa 500 milyon manatdan artıq vəsait ödənilib. Bu, aprel ayında da belə olacaq", - deyə nazir qeyd edib.
S.Babayev əlavə edib ki, həmin 2,3 milyon nəfərdən 700 min nəfəri 65 yaşdan yuxarı şəxslərdir.*
X.Nəsirzadə