Dünya Bankı (DB) koronavirus (COVID-19) pandemiyası və neftin ucuzlaşması fonunda 2020-ci ildə Azərbaycanda ÜDM-nin 0,2% azalacağını proqnozlaşdırır.
Bu göstərici DB-nin bu gün dərc olunmuş Avropa və Mərkəzi Asiya üzrə yenilənmiş proqnozlarında öz əksini tapıb.
2020-ci ilin yanvar ayında DB Azərbaycanda ÜDM-nin artımını 2,3% səviyyəsində proqnozlaşdırmışdı.
Bankın yeni qiymətləndirmələrinə görə, 2021-ci ildə respublikada iqtisadi artım 2,2%, 2022-ci ildə 2,4% təşkil edəcək.
Cari ildə sənaye istehsalı sahəsində azalma 1%, 2021-ci ildə artım 0,7%, 2022-ci ildə isə 0,1% təşkil edəcək.
Kənd təsərrüfatı sektoru cari ildə 5,5%, 2021-2022-ci illərdə hər il 5,4% artacaq.
2020-ci ildə xidmət sektorunda artım 0,1%, 2021-ci ildə 4,1%, 2022-ci ildə 5,6% təşkil edəcək.
DB-nin proqnozlarına görə, 2020-ci ildə Azərbaycanda orta illik inflyasiya 3,3% təşkil edəcək, 2021-ci ildə 2,9%-dək, 2022-ci ildə 2,8%-dək azalacaq.
Neftin ucuzlaşması ilə əlaqədar 2020-ci ildə tədiyə balansının kəsiri ÜDM-nin 7%-nə (2019-cu ildə profisit ÜDM-nin 8,8%-ni təşkil edib) bərabər olacaq, 2021-ci ildə kəsir ÜDM-nin 4,3%-dək, 2022-ci ildə 3,4%-dək azalacaq.
2020-2021-ci illərdə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar hər il ÜDM-nin 1,4%-ni, 2022-ci ildə 1,2%-ni təşkil edəcək.
Dünya Bankının qiymətləndirmələrinə görə, təbii qaz hasilatının artması və qeyri-enerji sektorlarında dayanıqlı artım 2019-cu ildə Azərbaycan iqtisadiyyatının artımını (2,2%-dək) dəstəkləyib. "Uzunmüddətli artım özəl sektorun möhkəmlənməsinə yönəlmiş daxili islahatların davam etdirilməsindən, maliyyə sektorundan irəli gələn zəifliklərin aradan qaldırılmasından, həmçinin təhsilin keyfiyyətinin yüksəldilməsi üçün insan kapitalına yatırılan investisiyalardan asılıdır", - deyə məruzədə qeyd edilir.
DB bildirir ki, COVİD-19 və neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatı üçün cari çağırışlardır. "Bu çağırışlar vətəndaşların sağlamlığı üçün əlverişsiz nəticələrlə yanaşı, neft ixracından əldə olunan gəlirlərin, ticarət və maliyyə axınlarının, turizm sektorundan daxilolmaların azalması yolu ilə iqtisadiyyata zərər vurur", - deyə bank vurğulayır.
Bununla yanaşı, DB qeyd edir ki, ehtiyatların mövcudluğu (ÜDM-nin təxminən 100%-i) və dövlət borcunun az olması Azərbaycana belə şəraitdə manevr etməyə imkan verir.
DB-nin qiymətləndirmələrinə görə, belə bir şəraitdə Azərbaycan hökuməti ardıcıl və əlaqələndirilmiş şəkildə addımlar atmalıdır. Bundan başqa, özəl sektorun şaxələndirilməsi üzrə fəal strategiyanın həyata keçirilməsi də vacibdir.
Azərbaycan hökuməti 2020-ci ildə ÜDM-nin artımını 3% səviyyəsində proqnozlaşdırır. Bununla belə, hökumət koronavirus pandemiyası və neftin ucuzlaşması nəzərə alınmaqla ÜDM-nin templəri ilə bağlı yeni proqnozu hələ dərc etməyib.
2019-cu ildə Azərbaycanda ÜDM 2,2% artıb.*
A.Əzizov