Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları 114 kiloqrama yaxın narkotik vasitənin İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsinin qarşısını alıblar. Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
“Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbiri nəticəsində ümumilikdə 113 kiloqram 523 qram çəkidə narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb”, - deyə məlumatda bildirilir.
Həyata keçirdikləri əməliyyat zamanı Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Enibar İsmayılov və İran İslan Respublikasının vətəndaşı Əli Şəhriyari saxlanılıblar.
“Baxış zamanı onların üzərlərində olan bağlamalardan 94 kiloqram 673 qram narkotik vasitə heroin, 646,401 qram tiryək, 950 qram həşiş qətranı, 10 kiloqram 100 qram qurudulmuş marixuana, 7 kiloqram 153 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. İran vətəndaşından, həmçinin tapança və patron aşkar olunaraq götürülüb”, - deyə məlumatda qeyd olunur.
Aşkar edilən narkotik vasitə və psixotrop maddələrin qara bazarda qiyməti təxminən 10 milyon manatdır (təxminən $5,9 milyon).
Araşdırma zamanı müəyyən olunub ki, bu şəxslər külli miqdarda narkotik vasitəni Araz çayı üzərindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçiriblər.
Faktla bağlı cinayət işi başlanılıb.*
X.Nəsirzadə