Azərbaycan Mərkəzi Bankı koronavirus pandemiyası dövründə bankların requlyativ yükünün azaldılması, kreditləşdirmə imkanlarının artırılması və maliyyə dayanıqlığının qorunmasına dair bir sıra requlyativ tədbirlər qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan”a AMB-dən məlumat verilib.
Tədbirlər paketinə əsasən, AMB sistem əhəmiyyətli banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalının 12%-dən 11%-dək azaldılmasını planlaşdırır. Digər banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalının 10%-dən 9%-ə azaldılması nəzərdə tutulur. Həmçinin, kontr-tsiklik kapital buferinin 0.5%-dən 0%-ə endiriləcək.
Bu tələblər 1 yanvar 2021-ci ilədək qüvvədə olacaq.
Bundan başqa, AMB bankların öz vəsaitləri hesabına 2020-ci il 1 aprel tarixinə kimi verilmiş ipoteka kreditləri üzrə risk koofisentinin 100%-dən 50%-dək azaldılmasını planlaşdırır. O cümlədən, AMB bankların kapital mövqeyinin qorunması və gücləndirilməsi məqsədilə 2019- cu ilin nəticəsi üzrə dividend ödənişlərinin 30 sentyabr 2020-ci ilədək təxirə salınmasının və 2020-ci il üzrə aralıq dividend ödənilməməsini banklara tövsiyə edir.
Həmçinin, kredit təşkilatlarında inspeksiyaların (hərtərəfli və tematik) təxirəsalınmaz reaksiya tələb edilən hallar istisna olmaqla 30 sentyabr 2020-ci ilədək təxirə salınır. **
Ə.Məmmədov