Energetika Nazirliyi 2021-ci ilin mart ayınadək “Azərbaycanda dənizdə külək enerjisinin inkişaf etdirilməsi üzrə Yol Xəritəsi”nin hazırlanmasını başa çatdıracaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə Yol Xəritəsi üzrə işlərə cari ilin iyun ayında başlanması, dekabrda missiyanın Azərbaycana səfəri və Yol Xəritəsinin gələn ilin fevralında yekunlaşdırılması nəzərdə tutulur”, – deyə məlumatda bildirilir.
“Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi”nin hazırlanması prosesi coğrafi məkan xəritələrinin tərtib olunması, zonaların müəyyənləşdirilməsi, iqtisadi, maliyyə, ekoloji və sosial aspektlərdə təhlillərin aparılması, təsirlərin qiymətləndirilməsi, icazə və razılıqların verilməsi, normativ hüquqi bazanın yaradılması, ötürmə sisteminin yenilənməsi, təchizat zəncirinin öyrənilməsi kimi məsələləri əhatə edəcək. Dənizdə külək enerjisindən istifadə yeni iş yerləri, həmçinin ölkə iqtisadiyyatına əlavə dəyər qazandıran imkanlar yaradacaq. Yol Xəritəsi Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə və Paris Sazişi üzrə 2030-cu ilə qədər atmosferə atılan istixana qazlarını 35% azaltmaq öhdəliyinin icrasına da töhfə verəcək.
“Yol Xəritəsinin hazırlanmasında məqsəd dənizdə və sahilyanı ərazilərdə külək enerjisinin potensialı, şəbəkəyə qoşulma imkanları, ətraf mühit və sosial təsirlərin qiymətləndirilməsi əsasında gələcəkdə hərraclara çıxarıla biləcək potensial zonaların müəyyənləşdirilməsidir”, - deyə məlumatda qeyd olunur.
Energetika Nazirliyi 2030-cu ilədək elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrinin payını 30%-dək artırmağı planlaşdırır.*
N.Abbasova