30.04.2020 13:00

Birinci rübdə sığorta şirkətlərinin AVSMMİS üzrə sığorta haqları 4% azalıb, ödənişləri 19,6% artıb

İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətləri 2020-ci ilin yanvar-mart aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta haqqı yığımını ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% - 19 milyon 372,9 min manatadək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Hesabat dövründə sığortaçıların sığorta haqlarının 8%-i və icbari sığorta növləri üzrə sığorta haqlarının 24,1%-i AVSMMİS-in payına düşüb.

Yanvar-mart aylarında sığortaçılar tərəfindən AVSMMİS üzrə 16 milyon 325,9 min manat (artım 19,6%) və ya hesabat dövründə sığortaçıların bütün ödənişlərinin 21,2%-i həcmində ödəniş həyata keçirilib. Bütövlükdə, cari ilin 3 ayı ərzində icbari sığorta növləri üzrə ödənişlərin 83,3%-i AVSMMİS üzrə ödənişlərin payına düşüb.

2019-cu ildə Azərbaycanda sığortaçıların AVSMMİS üzrə sığorta haqlarının həcmi 5,2% - 100 milyon 430,2 min manatadək, ödənişləri – 25,7% - 67 milyon 235,6 min manatadək artıb.

Xəbər verildiyi kimi, 2011-ci il dekabrın 16-dan etibarən Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislərin yeni tarif və şərtlərlə satışına başlanılıb.

Xüsusilə 50 manat məbləğində baza tarifi müəyyən olunub və mühərrikin həcmi 1500 kubsantimetrə qədər olan avtonəqliyyat vasitələrinə tətbiq olunur. Mühərrikin həcmi artdıqca 1,5-5 əmsalları tətbiq olunur. Mühərrikin həcmi 5 min kubsantimetrdən çox olan avtonəqliyyat vasitələri üçün 5 əmsalı tətbiq olunur, yəni sığorta tarifi 250 manat təşkil edir.

Sərnişindaşıma ilə məşğul olan avtobus və mikroavtobuslar üçün sığorta tarifi hesablananda əmsallar onların sərnişin yerlərinin sayından asılıdır. Belə ki, 9-16 sərnişin yerinə görə 3, 16-dan artıq yerə görə 4 əmsalı tətbiq edilir.

Yük avtomobillərində əmsal yükgötürmə qabiliyyətindən asılı olaraq 3-dən 5-ə qədər təşkil edir.

Motosiklet, traktor və digər kənd təssərrüfatı texnikası üçün əmsal 1-ə bərabərdir.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əmlaka dəymiş ziyana görə sığorta məbləği 5 min manat, sağlamlığa vurulan zərərə görə 5 min manat (bir nəfərə görə), bir sığorta hadisəsinə görə ümumi limit 50 min manat təşkil edir. Beləliklə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişin maksimum məbləği 55 min manat təşkil edə bilər.**

Ə.Məmmədov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.