"Azərbaycan Dəmir Yolları” (ADY) QSC cari ilin sonunadək 9 yük lokomotivi və 10 sərnişin qatarı alacaq. Bu barədə ADY-nin sədri Cavid Qurbanov məlumat verib.
"50 yük lokomotivindən 21-ni artıq almışıq, bu il daha 9 lokomotivin ölkəyəçatdırılmasını gözləyirik”, - deyə C.Qurbanov videokonfrans şəklində keçirilən kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, ADY, həmçinin 10 sərnişin vaqonu qəbul edib, digər 10 vaqonun da cari ildə çatdırılması planlaşdırılır. "Cəmiyyət tərəfindən 10 sərnişin qatarı sifariş edilib”, - deyə sədr əlavə edib.
“Alstom Transportation S.A.” şirkəti ilə 12 may 2014-cü il tarixində bağlanmış müqaviləyə əsasən, “Azərbaycan Dəmir Yolları” QSC “Alstom” şirkətinin istehsalı olan 50 ədəd dəyişən cərəyanlı lokomotiv alacaq. Bu lokomotivlərin 40-ı Bakı-Tbilisi-Qars marşrutu ilə yük, 10-u isə sərnişin daşımalarında istismar olunacaq.
Bundan başqa, 2019-cu ilin noyabr ayında İsveçrənin “Stadler” şirkəti və “Azərbaycan Dəmir Yolları” QSC 10 Stadler FLIRT sərnişin qatarının tədarükünə dair 115 milyon avro dəyərində müqavilə imzalayıb. Müqavilənin şərtlərinə görə, 4 qatar dizel-elektrik ötürücüsü ilə təchiz olunacaq və regional daşımalarda istifadə ediləcək, 6-sı isə elektrik qatarıdır (3-ü regional daşımalar, daha 3-ü isə şəhərətrafı daşımalarda istifadə olunacaq. Müqaviləyə əsasən, ADY ilk qatarları (4 beş vaqonlu dizel-qatar) 2022-ci ildə qəbul edəcək.*
X.Nəsirzadə