2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda ÜDM-nin real artımı 0,2%, qeyri-neft sektorunda isə azalma 0,8% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-aprel aylarında ÜDM-nin nominal həcmi 22 milyard 400,5 milyon manat, o cümlədən qeyri-neft sektoru üzrə ÜDM 14 milyard 529,7 milyon manat təşkil edib.
Hesabat dövründə ÜDM-nin əhalinin hər nəfərinə düşən həcmi 2 249,7 manat (azalma 0,7%) təşkil edib.
Dövlət Statistika Komitəsində ÜDM-nin artım tempinin zəifləməsini, həmçinin qeyri-neft sektorunda azalmanı koronavirus (COVİD-19) pandemiyası səbəbindən aprel ayında ölkədə tətbiq olunan sərt məhdudiyyətlərlə izah ediblər.
Azərbaycan hökuməti 2020-ci ildə ÜDM-nin artımını 3% səviyyəsində proqnozlaşdırıb. Lakin bu proqnoz koronavirus pandemiyası nəzərə alınmaqla yenidən nəzərdən keçirilməyib.
2019-cu ildə Azərbaycanda ÜDM 2,2% artıb.*
N.Abbasova