13 may tarixinə Azərbaycanda dövlət dəstəyi üçün müraciət edən koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş vergi ödəyicilərinin sayı 131,257 min təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Xüsusilə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi layihəsi çərçivəsində müraciət etmiş 27,164 min vergi ödəyicisində çalışan muzdlu işçilərin sayı 255,359 min nəfərdir (təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 92,3 mln. manatdır). Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 96,196 min vergi ödəyicisindən müraciət daxil olub (təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 56,8 mln. manat təşkil edir)”, - nazirlikdən qeyd olunur.
Mayın 13-nə 22,308 vergi ödəyicisinə 44,2 milyon manat, 54,4 milyon manat vəsaitin 91,355 min fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.
Xəbər verildiyi kimi, pandemiyadan ən çox zərər çəkmiş şirkətlərdə çalışan 304 min işçinin əməkhaqqının ödənilməsi üçün dövlət büdcəsindən 215 milyon manat ayrılacaq.
Bundan başqa, 300 minə yaxın mikrobiznes subyektinə 80 milyon manat ödəniləcək. Ödənişlərin məbləği 250 manatdan 5 min manata qədər təşkil edəcək.**
Ə.Məmmədov