Dövlət Sərhəd Xidməti (DSX) neft-qaz boru kəmərlərinin sualtı yoxlanılması üçün nəzərdə tutulmuş aparatın axtarışında “Olimp Engeneering” şirkətinə kömək edib.
“2020-ci ilin 21 may tarixində BP şirkəti ilə bağlanılmış müqavilə əsasında Xəzər dənizinin Azərbaycana mənsub sektorunda yerləşən neft-qaz boru kəmərlərinin sualtı yoxlanılmasını həyata keçirən “Olimp Engeneering” şirkətinin “Xocean-2” aparatında nasazlıq yaranıb və idarəetməni itirməsi səbəbindən aparat küləyin təsiri ilə açıq dənizə doğru səmtlənib”, - deyə məlumatda bildirilir.
“Olimp Engeneering” şirkətinin rəhbərliyi aparatın axtarışında köməklik göstərilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə müraciət edib.
“Dövlət sərhədinin mühafizəsində olan 304-cü sərhəd gözətçi gəmisi “Xocean-2” aparatının axtarış tədbirlərinə cəlb edilib və 2 saat axtarışdan sonra Neft Daşlarından 15 km cənub-qərbdə aparat aşkarlanaraq dalğalı hava şəraitində yedəyə alınmış və təhlükəsiz yerə gətirilib”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov