Trans-Adriatik qaz kəmərinin tikintisi üzrə konsorsium (TAP AG) TAP kəmərinin Albaniya ərazisindəki hissəsinə sınaq qazın doldurulmasına başlayıb.
“İlk qaz çərşənbə günü Albaniyada boru kəmərinin 4 km-lik hissəsinə daxil olmağa başlayıb. Bu, boru kəmərinin ilkin sınaq mərhələsidir. Məqsəd infrastrukturun tam təhlükəsisliyinin təmin edilməsi və işə başlanmasına hazırlıqdır. Bu hissə istismara veriləndən sonra qaz tədricən gələcək həftələr və aylar ərzində Albaniyada boru kəmərinin digər hissələrinə daxil olacaq”, - konsorsiumun məlumatında qeyd edilir.
Albaniyadan sonra TAP-ın İtaliyadakı hissəsinə qazın doldurulmasına başlanılacaq.
TAP AG qeyd edir ki, TAP ilə qazın Avropaya ilk nəqli 2020-ci ilin sonuna yaxın başlanacaq.
“Həm istismara verilmə ərəfəsində, həm də istismar dövründə böru kəmərinin bütövlük və təhlükəsizliyinin təminatı məqsədilə TAP fasiləsiz monitorinq və müntəzəm patrul həyata keçirəcək”, - məlumatda vurğulanır.
25 noyabr 2019-cu ildə TAP kəmərinin sınaq qazla doldurulmasına başlanılıb. İlk qaz boru kəmərinin Yunanıstandakı 2 km-lik hissəsinə daxil olub.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçəcək.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. İxracın illik həcmi 10 milyard kubmetr təşkil edəcək. Layihənin səhmdarları BP (20%), SOCAR (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir.
Layihənin dəyəri 4,5 milyard avrodur.
17 may 2016-cı il tarixində Yunanıstanda TAP qaz kəmərinin təməlqoyma mərasimi keçirilib. **
N.Abbasova