2020-ci il aprelin 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) depozit əməliyyatları və notların yerləşdirilməsi vasitəsilə cəlb etdiyi vəsaitin qalığı 1 milyard 4,7 mln. manat təşkil edir.
“Birinci rübdə Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 24 depozit hərracı, notların yerləşdirilməsi üzrə 7 hərrac keçirib. Depozit əməliyyatları və notların yerləşdirilməsi vasitəsilə cəlb edilən vəsaitin cəmi qalığı 1 milyard 4,7 mln. manat olub”, - AMB-nin 2020-ci ilin yanvar-mart ayları üzrə Pul siyasəti icmalında bildirilir.
Mart ayının sonuna depozit əməliyyatları ilə cəlb edilmiş vəsaitlər 682,4 mln. manat, notların yerləşdirilməsi nəticəsində cəlb edilən vəsaitlər isə 322.3 mln. manat təşkil edib. “Depozit əməliyyatları vasitəsilə vəsaitlər 14 və 28 gün müddətinə cəlb edilib, notlar isə 28, 84,168 və 252 gün müddətinə yerləşdirilib”, - AMB-dən vurğulanır.
1 aprel tarixinə depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb edilən vəsaitin qalığı ilin əvvəli ilə müqayisədə 5,8% azalıb.
Mərkəzi Bank qeyd edir ki, hesabat dövründə bank sistemi yüksək likvidlik profisitinə malik olub. “Bu da AMB-nin həyata keçirdiyi sterilizasiya əməliyyatlarına yüksək tələbi artırıb”, - icmalda vurğulanır.**
Ə.Məmmədov