Rusiya Federasiyasının prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevi Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə təbrik edib, məktubda ikitərəfli strateji tərəfdaşlığın bundan sonra da inkişafına əminlik ifadə edib.
“Hörmətli İlham Heydər oğlu. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Ölkənizin sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə qazandığı uğurlar hamı tərəfindən qəbul edilir. Azərbaycan dünya arenasında haqlı olaraq nüfuz qazanıb, beynəlxalq gündəlikdə duran məsələlərin həllində əhəmiyyətli rol oynayır”, - Azərbaycan prezidentinin saytında dərc olunan Putinin təbrik məktubunda deyilir.
Putin Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib. “Əminəm ki, biz birgə səylərimizlə ikitərəfli strateji tərəfdaşlığın, konstruktiv əməkdaşlığın bütün istiqamətlərdə bundan sonra da inkişafını təmin edəcəyik. Bu proses, şübhəsiz, bizim dost xalqlarımızın köklü maraqlarına cavab verir, regional sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi məcrasında inkişaf edir. Hörmətli İlham Heydər oğlu, sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan Respublikasının bütün vətəndaşlarına rifah və tərəqqi arzulayıram”, - RF prezidenti vurğulayır.
Mayın 28-də Azərbaycanda Respublika Günü qeyd olunur. **
A.Əzizov