Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
“Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm”, - dövlət başçısının saytında dərc olunan təbrik məktubunda deyilir.
Prezident qeyd edib ki, bu il Ramazan ayı dünyanın böyük təhlükə ilə üz-üzə qaldığı mürəkkəb bir şəraitdə başa çatır.
“Mövcud vəziyyət əhalimizin sağlamlığı və rifahı üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri edir. Qarşılaşdığımız qlobal bəla ilə mübarizənin uğuru daha çox cəmiyyətin hər bir üzvünün yüksək məsuliyyəti və intizamlı davranışından asılıdır. Əminəm ki, həmişə belə nəcib keyfiyyətləri ilə seçilən və milli-mənəvi dəyərlərini uca tutan xalqımız öz mütəşəkkilliyi və həmrəyliyi sayəsində bu çətinliyi də geridə qoyacaq”, - təbrikdə qeyd olunur.
Prezident vurğulayıb ki, mübarək Ramazan ayı insanları daim birlik və bərabərliyə, sosial yardımlaşma və xeyirxahlığa çağırır.
“Bu mübarək bayram günlərində ölkəmizin firavanlığı və əmin-amanlığı naminə etdiyiniz dualara qatılır, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsini bir daha ehtiramla yad edirəm”, - mətndə qeyd olunur. **
Ə.Məmmədov