Azərbaycanda karantin rejimi mayın 31-dən sonra da uzadılacaq. Bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
"COVİD-19 infeksiyasına yoluxma ilə bağlı statistik göstəricilər bizə karantin rejimini ləğv etmək üçün əsas vermir. Mayın 31-dən sonra karantin rejimi uzadılacaq", - deyə Bayramlı bu gün keçirilən brifinqdə bildirib.
O, həmçinin qeyd edib ki, iyun ayında Mall və iri ticarət mərkəzlərinin açılması məsələsinə baxılır.
Bundan başqa, iyunun 1-dən idman zallarının açılması və idman tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilə bilər.
"Eyni zamanda, toylar da daxil olmaqla, kütləvi tədbirlərin keçirilməsinə icazə verilməsi məsələsi hələ müzakirə edilmir, çünki epidemioloji vəziyyət iyun ayında bu tədbirlərin keçirilməsinə imkan vermir. Lakin biz yay mövsümündə çimərliklərin açılmasına heç bir maneə görmürük", - deyə R.Bayramlı bildirib.
O, həmçinin deyib ki, iyunun 15-dən sonra bir sıra beynəlxalq aviareyslərin açılması barədə qərar qəbul edilə bilər. "Belə qərar qəbul edilərkən bir sıra amillər nəzərə alınacaq və qonşu ölkələrdə COVİD-19 ilə bağlı vəziyyət təhlil ediləcək", - deyə sədr vurğulayıb.
R.Bayramlının sözlərinə görə, ilk növbədə, Naxçıvanla hava əlaqəsinin açılması məsələsinə baxılır.*