"Signify" şirkətinin (əvvəlki adı "Philips Lighting") həyata keçirdiyi Bakı şəhərinin işıqlandırılması layihəsinin I mərhələsi sentyabrda başa çatacaq. Bunu prezident İlham Əliyev deyib.
“Mənə verilən məlumata görə, Davosdakı görüşümüzdən bəri Bakı şəhərinin işıqlandırılması layihəsi çərçivəsində böyük işlər görülüb. Baxmayaraq ki, koronavirusla bağlı vəziyyət bizim planlarımıza bir az müdaxilə etdi, lakin mənə məlumat verildiyi kimi, bizim müzakirə etdiklərimizin və razılaşdırdıqlarımızın hamısı indi icra mərhələsindədir. Sentyabrın sonunadək bizdə Bakı üçün minlərlə yeni küçə işığını özündə ehtiva edəcək birinci mərhələ artıq icra edilmiş olacaq. Bizim müzakirə etdiyimiz kimi, bu birinci layihədən sonra birgə fəaliyyətimizin genişləndirilməsinə, Bakı və digər şəhərlərin əhatə edilməsinə dair böyük planlarımız var. Birinci mərhələdə ola bilsin ki, böyük şəhərlər əhatə olunacaq”, - deyə dövlət başçısı bu gün “Signify” şirkətinin rəhbərliyi ilə keçirilən videokonfransda bildirib.
O əlavə edib ki, hazırda Sumqayıt şəhərinin işıqlandırılması layihəsinin qiymətləndirilməsi prosesi gedir. “Beləliklə, ümid edirəm ki, bizim bu sahədə uzunmüddətli əməkdaşlığımız olacaq”, - deyə İ.Əliyev qeyd edib.
Onun sözlərinə görə, layihələr çoxlu enerjiyə, yerin təkindən hasil edilən yanacağa digər məqsədlər üçün, ixrac üçün qənaət etməyə imkan verəcək və şəhərin həyatını daha da yaxşı edəcək.
“Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat qeyd edib ki, Bakı şəhərində 33 min LED işıq quraşdırılacaq və onların sayəsində çox böyük həcmdə enerjiyə qənaət ediləcək. Qənaət göstəricisi minimum 50 faiz təşkil edir.
Prezidentin köməkçisi Natiq Əmirov bildirib ki, “Bakı ağıllı şəhər” işıqlandırılması layihəsi üzrə işlərin gedişi hazırda çox yaxşıdır. İyul ayından başlayaraq bütün lampaların ölkəmizə idxalı prosesi başlayacaq və idxal prosesi sentyabrın sonu, oktyabrın əvvəlində başa çatacaq.*
Ə.Məmmədov