2020-ci ilin yanvar-may aylarında Azərbaycanda ÜDM-nin azalması 1,7%, qeyri-neft sektorunda isə 2,1% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-may aylarında ÜDM-nin nominal həcmi 27 milyard 479,9 milyon manat, o cümlədən qeyri-neft sektoru üzrə ÜDM 18 milyard 227,5 milyon manat təşkil edib.
Hesabat dövründə ÜDM-nin əhalinin hər nəfərinə düşən həcmi 2759 manat (azalma 2,5%) təşkil edib.
Dövlət Statistika Komitəsində ÜDM-nin azalmasını koronavirus (COVİD-19) pandemiyası səbəbindən ölkədə tətbiq olunan məhdudiyyətlərlə izah ediblər.
Azərbaycanda iyulun 1–dək xüsusi karantin rejimi qüvvədədir. Həmçinin, bir çox ticarət obyektləri fəaliyyətlərini bərpa ediblər. Lakin, restoran və kafelər saat 22:00-dək fəaliyyət göstərir, istirahət mərkəzləri və idman zalları bağlıdır.
Azərbaycan hökuməti 2020-ci ildə ÜDM-nin artımını 3% səviyyəsində proqnozlaşdırıb. Lakin bu proqnoz koronavirus pandemiyası nəzərə alınmaqla yenidən nəzərdən keçirilməyib.
2019-cu ildə Azərbaycanda ÜDM 2,2% artıb.** A.Əzizov