Azərbaycan iyun ayında OPEC+ razılaşması çərçivəsində neft hasilatının azaldılması üzrə götürdüyü öhdəliyi 100% yerinə yetirmək niyyətindədir. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
"May ayında Azərbaycan neft hasilatının azaldılması üzrə götürdüyü öhdəliyi 98% yerinə yetirib. Bu, yüksək göstəricidir. Biz öhdəliyimizi yerinə yetirmək üçün iyun ayında hasilatı 2,5 min barel azaltmağı planlaşdırırıq", - deyə Şahbazov "Postpandemiya dövründə energetika məsələləri" mövzusunda vebinarda bildirib.
Onun sözlərinə görə, Azərbaycan öz öhdəliklərinə həmişə ciddi yanaşıb.
"Lakin indi biz 2018-ci ilin oktyabr ayının göstəricisi ilə müqayisədə hasilatın 164 min barel azaldılması ilə bağlı ciddi öhdəlik götürmüşük. Biz OPEC+ çərçivəsində öhdəliklərimizi tam şəkildə yerinə yetirəcəyik", - deyə nazir əlavə edib.
2020-ci ilin may ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 650 min barel olub. Bunun 557,2 min barelini xam neft, 92,8 min barelini isə kondensat təşkil edib. 557,2 min barel xam neftin 437,6 min bareli “Azəri-Çıraq-Günəşli”, 119,6 min bareli isə SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə hasil edilib.
AÇG-də hasilat 567 min bareldən azaldılaraq 434 min bareldə, SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min bareldən ixtisar edilərək 120 min barel həcmində saxlanılmalıdır.
OPEC və qeyri-OPEC ölkələri 12 aprel 2020-ci il tarixində keçirilmiş videokonfransda gündəlik neft hasilatının 2020-ci il mayın 1-dən 2022-ci ilin aprel ayınadək üç mərhələdə kollektiv surətdə azaldılması üzrə razılaşmanı təsdiqləyib. Birinci mərhələdə (2020-ci ilin may-iyun ayları) hasilat 9,7 milyon barel azaldılacaq.
Lakin OPEC və OPEC+ ölkələri nazirlərinin iyunun 6-da keçirilən görüşündə OPEC+ ölkələri birinci mərhələdə gündəlik hasilatın daha bir ay – iyulun sonunadək azaldılması ilə bağlı razılığa gəliblər.*
A.Əzizov