Yaxın vaxtlarda Azərbaycan və Qırğızıstan Xarici İşlər nazirlikləri arasında videoformatda görüş keçiriləcək. Bu barədə Qırğızıstan XİN-in mətbuat xidmətindən məlumat verilib.
"Yaxın zamanlarda xarici işlər nazirlərinin müavinləri səviyyəsində birinci Qırğızıstan-Azərbaycan məsləhətləşmələri keçiriləcək. Məsləhətləşmələr videokonfrans formatında baş tutacaq. Dövlətlərarası siyasi, ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlığın aktivləşdirilməsi barədə razılıq əldə olunub", - deyə məlumatda qeyd olunur.
İkitərəfli münasibətlərin inkişafı çərçivəsində Qırğızıstanın xarici işlər naziri Çingiz Aydarbekov ilə Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovun görüşü olub.
Görüş zamanı tərəflər koronavirus infeksiyasının yayılması ilə bağlı problemləri, həmçinin Qırğızıstan-Azərbaycan əməkdaşlığı ilə bağlı məsələləri müzakirə ediblər.
"Cari ildə bir sıra ikitərəfli tədbirlərin keçirilməsi, o cümlədən prezident İlham Əliyevin Qırğızıstana rəsmi səfərinin təşkili məsələsinə xüsusi diqqət ayrılıb. Səfər çərçivəsində Qırğızıstan-Azərbaycan Dostluq Parkının və Heydər Əliyev adına ümumtəhsil məktəbinin açılış mərasiminin keçirilməsi nəzərdə tutulur", - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə