2020-ci ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $2 milyard 806 milyon 873,71 min təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 0,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $11 milyard 136 milyon 978,87 min (2019-cu ilin yanvar-may ayları ilə müqayisədə azalma 22,9% - İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $6 milyard 971 milyon 926,29 min (azalma 19,1%), idxalın həcmi $4 milyard 165 milyon 52,58 min (azalma 28,6%) təşkil edib.
İxracın strukturunda əssa həcm neft-qaz sektorunun məhsullarının payına düşüb (89,65%).
İdxalın strukturunda 15,6% ərzaq məhsullarının, 0,78% tütün və tütün məhsullarının, 3,64% əczaçılıq məhsullarının, 1,04% gübrələrin, 3,35% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,46% odun və agac məhsullarının, 1,83% geyim və geyim aksessuarlarının, 10,55% qara metal və ondan hazırlanan məmulatların, 22,85% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 12,45% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,7% mebelin, 24,76% digər məhsulların payına düşüb.
Yanvar-may aylarında xarici ticarət əməliyyatlarında 6,004 min özəl və dövlət müəssisəsi və 17,072 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 166 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar-may aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 34,84%-i), Türkiyə (17,92%), İsrail (4,46%), Hindistan (4,09%), Rusiya (%), Xorvatiya (3,01%), Ukrayna (2,98%), Gürcüstan (2,78%), Yunanıstan (3,49%), əsas idxal əməliyyatlarını isə Rusiya (18,47%), Türkiyə (14,75%), Çin (12,99%), Almaniya (5,32%), ABŞ (8,6%), İtaliya (4,07%), Ukrayna (4,34%), İran (2,79%), Böyük Britaniya (2,6%) və Yaponiya (1,91%) ilə həyata keçirib.** N.Abbasova