“McKinsey & Company” şirkəti Azərbaycanın qaz təchizatı sisteminin diqanostikasını aparacaq. Bu barədə “İnterfaks-Azərbaycan”a Energetika Nazirliyindən məlumat verilib.
“Energetika Nazirliyi ilə dünyanın aparıcı konsaltinq şirkətlərindən hesab olunan “McKinsey&Company” şirkəti arasında ölkənin qaz təchizatı sisteminin müfəssəl diqanostikasının aparılmasına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən şirkət Energetika Nazirliyinə qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla ölkədə qaz təchizatı sisteminin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahədə islahatların aparılması ilə bağlı təkliflərin hazırlanmasında məsləhətçi xidmətləri göstərəcək”, - məlumatda qeyd olunur.
Diaqnostikanın nəticələri Energetika Nazirliyi tərəfindən qaz təchizatı sistemində itkilərin qarşısının alınması, ölkədə istehlak olunan təbii qazın sərfiyyatının ölçülməsinin dəqiqliyinin yüksəldilməsi və idarəetmənin təkmilləşdirilməsi, müasirləşdirilməsi ilə bağlı müfəssəl təkliflərin formalaşdırılması üçün istifadə ediləcək.
“Həmçinin bu nəticələr əsasında qaz təchizatı sahəsində bazar münasibətlərinə mərhələli keçid, investisiyaların effektivliyinin artırılması və normativ-hüquqi bazanın müasirləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. İslahatların aparılması üçün zəruri hesab edilən qanunvericilik təşəbbüslərinin isə “Qaz təchizatı haqqında” qanununun yeni layihəsinə daxil edilməsi nəzərdə tutulur”, - nazilrikdən bildirilib.
Azərbaycanda qaz təchizatı sisteminin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahədə islahatların aparılması ilə bağlı təkliflərin hazırlanması “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan prezidentinin müvafiq sərəncamı ilə Energetika Nazirliyinə həvalə edilib. Sərəncamda, həmçinin Energetika Nazirliyinin təklifləri əsasında “Qaz təchizatı haqqında” qanununun yeni layihəsinin hazırlanması müddəası öz əksini tapıb.
“McKinsey & Company” mənzil-qərargahı Nyu-Yorkda yerləşən strateji idarəçilik ilə bağlı məsələlərin həllində ixtisaslaşan beynəlxalq konsaltinq şirkətidir. Məsləhətçi qismində şirkət dünyanın iri şirkətləri, dövlət idarələri və qeyri-kommersiya təşkilatları ilə əməkdaşlıq edir. **
N.Abbasova