2020-ci ilin yekunları üzrə Azərbaycan iqtisadiyyatını cüzi resessiya gözləyir. Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
Xəbər verildiyi kimi, 2020-ci ilin yanvar-may aylarının yekunları üzrə koronavirus pandemiyası və dünya bazarlarında neftin qiymətinin ucuzlaşması fonunda Azərbaycanda ÜDM-in azalması 1,7% təşkil edib.
“Proqnozlara əsasən, bu ilin sonunadək çox cüzi bir resessiya olacaq”, - Rüstəmov çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyev və Dünya Bankının regional rəhbərliyi ilə videokonfrans zamanı bildirib.
Rüstəmov vurğulayıb ki, Azərbaycan bu böhranla əlaqədar çağırışlarla - xüsusilə əsas ixrac etdiyi məhsulların qiymətlərinin düşməsi ilə bağlı çağırışlarla üzləşib. Lakin makroiqtisadi sabitliyi qorumağa müvəffəq olub, inflyasiyanın səviyyəsi təqribən 3%-dir.
“Milli valyutanın kursu sabitdir və mübadilə kursu üzərində heç bir təzyiq yoxdur. Maliyyə sektorunda vəziyyət çox sabitdir və həmçinin bəzi qeyri-sabit bankların sistemdən çıxarılmasına nail olmuşuq. Həmçinin, maliyyə sektorunda sabitliyin qorunması üzrə bütün addımlar atılacaq”, - o əlavə edib.
Rüstəmov vurğulayıb ki, Azərbaycan keçən il Dünya Bankı ilə yeni milli iqtisadi inkişaf strategiyasının hazırlanması üzrə danışıqlara başlayıb.
Azərbaycan hökuməti 2020-ci ildə ÜDM-nin artımını 3% səviyyəsində proqnozlaşdırıb. Lakin bu proqnoz koronavirus pandemiyası nəzərə alınmaqla yenidən nəzərdən keçirilməyib.
İri beynəlxalq maliyyə institutlarının qiymətləndirmələrinə görə, 2020-ci ildə koronavirus pandemiyası və dünya bazarlarında neftin qiymətinin ucuzlaşması ilə əlaqədar Azərbaycan iqtisadiyyatını resessiya gözləyir.
2019-cu ildə Azərbaycanda ÜDM 2,2% artıb.**
A.Əzizov