2020-ci ilin yanvar-may aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 81,186 milyon ton yük daşınıb ki, bu da 2019-cu ilin yanvar-may aylarının göstəricisindən 10,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Daşımaların azalması koronavirus pandemiyası və infeksiya səbəbindən karantinin tətbiqi ilə əlaqədardır.
Yük daşımalarının strukturunda 78% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 22% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, cari ilin yanvar-may aylarında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,7% azalıb.
Hesabat dövründə dəmir yolu ilə 6,015 milyon ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,9% çoxdur.
Dəniz nəqliyyatı ilə 2,531 milyon ton (azalma 1,3%), avtomobil nəqliyyatı ilə 47,181 milyon ton (azalma 17,1%), hava nəqliyyatı ilə 141,7 min ton (artım 77,3%) müxtəlif yük daşınıb.
Yanvar-may aylarında daxili neft kəmərləri vasitəsilə 15 milyon 646 min ton neft (azalma 5,4%) nəql olunub. Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.**
B.Rüstəmbəyov