31 may 2020-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 31 milyard 260,8 milyon manat təşkil edir. Bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 1 yanvar 2020-ci il tarixinə bankların aktivləri 32 milyard 722,8 milyon manat məbləğində olub. Beləliklə, yanvar-may aylarında bankların aktivləri 4,5% azalıb.
Hesabat dövrünün sonuna bankların kredit portfeli 14 milyard 361 milyon manat (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 3,6%) təşkil edir.
2020-ci il may ayının 31-nə Azərbaycanda bankların ümumi kapitallaşması 4 milyard 559,4 milyon manat (azalma 0,5%) təşkil edir.
Mayın sonuna bankların öhdəlikləri 26 milyard 701,3 milyon manata (azalma 5,1%) bərabərdir. Eyni zamanda, bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 397,7 milyon manat məbləğində (artım 22%) qiymətləndirilir.
Mayın sonuna banklarda depozit portfeli 19 milyard 949,3 milyon manat (azalma 6,5%), əhalinin əmanətləri 7 milyard 551 milyon manat (azalma 11,3%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, yanvar-may aylarında Azərbaycanda bankların ümumi xalis mənfəəti 314,5 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 3,5% azdır.
Yanvar-may aylarında bankların faiz gəlirləri 799,2 milyon manat (2019-cu ilin yanvar-may ayları ilə müqayisədə artım 0,5% - İF), o cümlədən verilmiş kreditlər üzrə 633,6 milyon manat (artım 10,5%) təşkil edib.
Hesabat dövründə bankların qeyri-faiz gəlirləri 263,1 milyon manat (azalma 45%) məbləğində olub.
Bu dövrdə bankların faiz xərcləri 201,2 milyon manat (azalma 10,1%), o cümlədən depozitlər üzrə 130 milyon manat (azalma 16,7%), qeyri-faiz xərcləri 476,4 milyon manat (artım 8,9%) təşkil edib.
Yanvar-may aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 360,2 milyon manat (artım 3,8%) təşkil edib.
2020-ci ilin yanvar-may aylarında bankların vergi ödənilənədək ümumi mənfəəti 380,1 milyon manat (artım 6,5%) məbləğində qiymətləndirilir, hesabat dövründə mənfəət vergisi üzrə ödənişlər 65,7 milyon manat (artım 2,1 dəfə) təşkil edib.
31 may 2020-ci il tarixinə respublikada 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallıdır.
Mayın sonuna bankların 439 filialı (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 13,8%) və 115 şöbəsi (azalma 13,5%) var.
Azərbaycanın bank sektorunda 18,391 min nəfər (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 4,5% - İF) çalışır.*
A.Əzizov