2020-ci ilin yanvar-may aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 11,3% - 7 milyard 661,3 milyon manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Əmanətlərin azalması həm də “AGBank” və “NBCBank”ın bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyalarının may ayında ləğv edilməsi ilə əlaqədardır.
Hesabat dövründə əhalinin xarici valyutada əmanətləri 8,3% - 4 milyard 133 milyon manatadək və ya bütün əmanətlərin 53,9%-i səviyyəsində azalıb (2019-cu ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 52,2% təşkil edib). Aprel ayının sonuna dollarlaşma 55,1% səviyyəsində olub.
Yanvar-may aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 14,6% - 3 milyard 528,3 milyon manatadək (bütün əmanətlərin 46,1%-i) azalıb.
31 may 2020-ci il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 7 milyard 302,9 milyon manat, qeyri-rezidentlərin – 358,4 milyon manat təşkil edir. İlin əvvəlindən rezidentlərin əmanətlərinin həcmi 11%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 17,5% azalıb.
Mayın 31-nə banklarda əmanət və depozitlərin həcmi 23 milyard 357,3 milyon manat təşkil edir ki, bu da 2019-cu ilin sonuna olan göstəricidən 5,6% azdır.*
A.Əzizov