Əmanətlərin Sığortalanması Fondu (ADIF) 2020-ci ilin yanvar-may aylarında bağlanan 21 bankın müştərilərindən kreditlər üzrə 25 milyon manata yaxın vəsait alıb. Bu barədə fondun icraçı direktoru Tural Piriyev deyib.
ADIF 2016-cı ildən ləğv prosesində olan bankların müştərilərindən kredit vəsaitlərinin toplanması ilə məşğul olur.
"2016-cı ildən etibarən yığılan məbləğ artır. 2020-ci ilin yanvar-may aylarında kreditlər üzrə 25 milyon manata yaxın vəsait toplanıb. Koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyəti nəzərə alsaq, hesab edirəm ki, bu, yaxşı rəqəmdir", - deyə Piriyev bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ləğv edilən bankların 3,6 milyard manatlıq kredit portfelinin 58%-i təminatsız kreditlərin payına düşür. Belə kreditlər üzrə faiz borcu 1,6 milyard manat məbləğində qiymətləndirilir.*
X.Nəsirzadə