Xarici İşlər Nazirliyinin üç əməkdaşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə və rüşvət alma ittihamları ilə həbs ediliblər. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilir.
Qeyd edilir ki, XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev həbs olunublar.
İyulun 3-də məlumat verilib ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbirləri həyata keçirir.
“İstintaq-əməliyyat tədbirləri Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında həyata keçirilir”, - ötən cümə günü DTX-nin məlumatında bildirilir. **
B.Rüstəmbəyov