2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 291,9 milyon manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 12 milyard 22,7 milyon manat (ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə artım 15,5%), xərcləri 11 milyard 730,8 milyon manat (artım 7,1%) təşkil edib.
Yanvar-iyun aylarında Azərbaycan üzrə ÜDM-nin nominal həcmi 33 milyard 803,9 milyon manat təşkil edib. Beləliklə, hesabat dövründə dövlət büdcəsinin profisiti ÜDM-nin 0,86%-ni təşkil edib.
2020-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 24 milyard 134,5 milyon manat, xərcləri üzrə proqnoz 26 milyard 894,7 milyon manat təşkil edir. Cari ildə dövlət büdcəsinin kəsiri 2 milyard 760,2 milyon manat və ya ÜDM-nin 3,3%-i səviyyəsində proqnozlaşdırılır.*
A.Əzizov