Azərbaycan prezidenti İlham Əliyev xarici işlər naziri Elmar Məmmədyarovun fəaliyyətindən narazılığını ifadə edib.
“Mən hesab edirəm ki, bizim diplomatik fəaliyyətimiz daha səmərəli ola bilərdi. Mən dəfələrlə demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır. Kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır”, - Əliyev bu gün Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.
Prezidentin sözlərinə görə, XİN başçısı öz öhdəliklərini daha səmərəli icra etməlidir, həmçinin Azərbaycanın mövqeyini opponentlərə daha yaxşı çatdırmalıdır. «Demişəm, hər bir məsələ ilə bağlı yol göstərmişəm. Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını görürükmü? Bir çox hallarda görmürük. Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur. Düşmən ölkə ilə, bizimlə münaqişədə olan ölkə ilə COVID-lə bağlı hansı danışıqlar aparıla bilər?! Bu, cəfəngiyyatdır. Yəni, nədir, biz Ermənistanla əməkdaşlığamı başladıq?! “, - Əliyev qeyd edib.
Prezident vurğulayıb ki, nazir Ermənistanla Dağlıq Qarabağ məsələsində razılığa gəlməli idi, lakin əfsuslar olsun ki, indiyədək məqsədə çatmaq mümkün olmayıb, çünki Ermənistan indiyədək BMT TŞ-nin qətnamələrini yerinə yetirməyib.
“İndiki şəraitdə Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Mən buna cavab verirəm. Xarici İşlər Nazirliyi hansısa səviyyədə buna cavab verib, yoxsa yox? Mən eşitməmişəm, Azərbaycan xalqı da eşitməyib. Bunu, ilk növbədə, kim etməlidir? Xarici İşlər Nazirliyi, susur. Mən demişəm ki, danışıqlar prosesində tərəqqi olmayana qədər Ermənistan ilə hər hansı bir əməkdaşlıqdan söhbət gedə bilməz”, - prezident əlavə edib.
Prezident qeyd edib ki, xarici işlər naziri iyulun 12-də Azərbaycan-Ermənistan sərhədində məlum hadisələr başlayanda heç bir reaksiya verməyib.
“Xarici İşlər Nazirliyi nə ilə məşğul idi? Harada idi? Ayın 12-də hadisələr baş verəndən sonra biz iş yerindəydik. Baş nazir iş yerində, mən iş yerində səhərə qədər. Müdafiə naziri, Baş Qərargah rəisi, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, daxili işlər naziri, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Təhlükəsizlik Şurasının katibi gecə səhərə qədər iş yerində. Mən xarici işlər nazirini tapa bilmədim. Mən Əli Əsədovdan (baş nazir - İF) soruşdum, haradadır. Sənə nə dedi? De”, - o qeyd edib.
Əli Əsədov cavab olaraq aşağıdakıları dedi: “Dedi ki, mən evdən işləyirəm. Mən Elmar Məmmədyarova zəng etdim. Sizin dediklərinizi ona dedim, soruşdum ki, bu hadisəni sən nə vaxt eşitmisən və harada olmusan? Dedi, evdən işləmişəm. Dedim, saatbasaat mənə de, harada olmusan? Yenə dedi ki, evdən işləmişəm. Günorta saat 3-də eşitmişəm. Daha sonra dedi ki, təqribən saat 6-da, 7-də Hikmət Hacıyevlə telefonla danışıb. Mən sizin verdiyiniz tapşırıqları ona çatdırdım, dedim ki, belə olmaz. Biz hamımız iş yerindəyik. Prosesləri cənab Prezident idarə edir. Xarici İşlər naziri olaraq sən bunu, bunu, bunu et - sizin dediyiniz tapşırıqları. Soruşdum ki, evdə niyə işləyirsiniz? Sən gəl iş yerinə, kabinetinə və s. Tapşırıq belə oldu. Ondan sonra hadisələr məlumdur”. **
X.Nəsirzadə