Rəsmi Bakı Minsk Qrupunun geniş formatda iclasının keçirilməsini zəruri hesab edir. Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Azərbaycan imitasiya xarakterli danışıqlarda iştirak etmək niyyətində deyil. Ermənistan yalanlar və müxtəlif bəhanələr vasitəsi ilə danışıqları pozmağa cəhd edir. Buna görə bütün üzv ölkələrin iştirakı ilə Minsk Qrupunun geniş formatda iclasının keçirilməsini vacib hesab edirik”, - deyə o, bu gün brifinqdə bildirib.
Onun sözlərinə görə, status-kvonun bu formada saxlanılması təhlükəlidir və dəyişdirilməlidir. “Məqsəd işğal faktının aradan qaldırılması olmalıdır. Formatın yox, iş metodologiyasının dəyişməsinin tərəfdarıyıq. Konkret gündəlik, cədvəl olmalıdır. Ermənistanın hər dəfə hansısa texniki məsələni əsas gətirərək danışıqları pozmasına imkan verilməməlidir. Minsk Qrupunun geniş formatda iclası da keçilməlidir. Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma danışıqlar prosesinin əsasını darmadağın edir. Fakt-araşdırıcı missiyalar da bunu üzə çıxarmışdı”, - deyə prezidentin köməkçisi qeyd edib.
O vurğulayıb ki, Ermənistan qoşunların təmas xəttində, sərhəddə davamlı təxribatlar törədir. “Ermənistan və Azərbaycan öz aralarında razılığa gəlsin, Minsk Qrupu bunu dəstəkləyəcək” demək həmsədrlərin missiyasına uyğun deyil. Mandat da tələb edir ki, işğal amili aradan qaldırılsın. Bu əsasla Azərbaycan predmetli danışıqların tərəfdarıdır. Ermənistan təxribatlarla danışıqlar prosesini pozmaq siyasəti həyata keçirir.
H.Hacıyevin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilmə mexanizminə yenidən baxılmalıdır. Çünki bu qətnamələr yerinə yetirilmir, o cümlədən də Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirən Ermənistan tərəfindən.*
A.Əzizov