Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar mahiyyət üzrə aparılmalı və konkret nəticəyə yönəlik olmalıdır. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, iyulun 22-də Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında üçtərəfli telefon danışığı baş tutub.
Nazir Azərbaycan-Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatı və artilleriya qurğularından istifadə etməklə hücum cəhdinin qarşısının alınması və hazırda bölgədəki gərgin vəziyyət barədə həmsöhbətinə məlumat verib. Ermənistan tərəfinin bu növbəti təxribatı zamanı sərhəd yaxınlığındakı yaşayış yerlərini, mülki şəxsləri hədəfə aldığı və nəticədə 76 yaşlı dinc sakinin qətlə yetirildiyi qeyd olunub.
“Ermənistan bölgənin yaxınlığından keçən geo-strateji layihələrə təhlükə törətmək məqsədi güdür. Gərginliyin kökündə Ermənistanın Azərbaycana qarşı apardığı təcavüz siyasəti durur”, - deyə o bildirib.
C.Bayramov Azərbaycanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə sadiq olduğunu, lakin danışıqların mahiyyət üzrə aparılmasının, konkret nəticəyə yönəlik olmasının vacibliyini vurğulayıb. O, uzun illərdir ki, bu danışıqların davam etdiyini, lakin münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində konkret nəticənin əldə edilmədiyini diqqətə çatdırıb.
XİN başçısı Ermənistan tərəfinin danışıqların müxtəlif bəhanələrlə uzadılması cəhdlərinin yolverilməz olduğu qeyd edib.
“Münaqişənin həlli üzrə BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri başda olmaqla və Aİ-nin də sərgilədiyi qəti mövqe daxil olmaqla, beynəlxalq ictimaiyyətin tələblərinin yerinə yetirilməsinin, işğalçı qüvvələrin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasının və Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpa olunmasının vacibliyini vurğulayıram”, - deyə C.Bayramov bildirib.*
X.Nəsirzadə