Cümə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin Bakıdakı səfiri Erkan Özoral arasında görüş keçirilib. Bu barədə XİN-dən məlumat verilir.
Ölkələrimiz arasında bütün sahələrdə və müxtəlif formatlarda mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin olduğunu vurğulayan Bayramov bu əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əmin olduğunu bildirib.
Nazir səfirə məlumat verib ki, 12 iyul tarixindən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş təxribat və bunun nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçuları və dinc sakinlər həlak olublar.
“Ceyhun Bayramov, həmçinin son zamanlar diplomatik nümayəndəliklərimizə və Ermənistan tərəfindən törədilmiş təxribata etiraz edən dinc azərbaycanlı nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən vandalizm və aqressiya hərəkətlərinə yol verildiyini qeyd edib. Radikal ermənin daşnaklarının son zamanlar fəallaşdığını bildirən nazir onlar tərəfindən diplomatik nümayəndəliklərimizə qarşı yeni təxribatların olacağını istisna etməyib”, - məlumatda deyilir.
Öz növbəsində, səfir Erkan Özoral cari ilin 28 iyul tarixində video konfrans formatında Antalya Diplomatiya Forumunun keçiriləcəyini qeyd edib və sözügedən tədbirə dəvət məktubunu Ceyhun Bayramova təqdim edib.
“Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - XİN məlumat verir. **
X.Nəsirzadə