Azərbaycan Xarici İşlər Nazirliyi guya Ukrayna muzdlularının Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycan tərəfindən vuruşduqları barədə bəyanatları əsassız hesab edir.
“Bu, heç bir əsası olmayan və tamamilə dezinformasiya xarakteri daşıyan məlumatdır. Azərbaycanın kifayət qədər güclü və peşəkar ordusu var və ölkəmizin düşmən qüvvələrinin hərbi təxribatlarının qarşısını almağa, eləcə də beynəlxalq tanınmış sərhədlərimiz çərçivəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə heç bir kənar qüvvəyə ehtiyacı yoxdur”, - “İnterfaks-Azərbaycan”a XİN-in Mətbuat Xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva bildirib.
Onun sözlərinə görə, məlum olduğu kimi, Ermənistan Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasəti çərçivəsində Yaxın Şərq bölgəsindən muzdluları cəlb etmişdir və “görünür, mənfur düşmən qüvvələri öz əməllərindən diqqəti yayındırmaq məqsədilə bu kimi dezinformasiyaların yayılmasının arxasında dururlar”. **
N.Abbasova